Acı ağız sindromu
Hansı səbəbdən baş verdiyi bilinməyən və ağız boşluğunda hiss edilən yanma, Acı Ağız Sindromu olaraq bilinir.
- Birinci səbəb keyfiyyətsiz, vaxtı keçmiş, konservativli, qeyri-sağlam qidaların qəbul olunmasıdır. Bu zaman qaraciyərdə turşulaşma gedir, öd, öd yolları, axarları yaxşı çalışmır. Acılıq gecə yatanda və səhərlər də hiss olunursa, deməli, bu orqanların işi ciddi mənada pozulub.
- Mədə-bağırsaq səbəbləri. Əgər gün ərzində qidalanmadan fərqli olmayaraq, ağızda, boğaz içində acılıq varsa, o zaman mədə, on iki barmaq bağırsaq, bağırsaqların patoloji prosesindən şübhələnmək olar.
- İdmandan, ağır işdən sonra acı dad qaraciyər patologiyaları ilə bağlıdır. Bu zaman sağ qabırğaaltı nahiyədə ağırlıq, ağrı da olur.
- Uzun müddət acılıq hissi yaşlı insanlarda dad reseptorlarının təbii olaraq yaşla bağlı dəyişməsi, zəifləməsi ilə əlaqədar ola bilər.
- Ağızda infeksiya, iltihab olduqda da daimi acılıq hiss olunur.
- Ağızda acılıq hissi ən pis halda həzm orqanları, qida borusu və qırtlağın onkoloji şişlərinə də siqnal ola bilər.
- Psixi, nevroloji problemlərdə də dildə və ağızda acı tam, acı ərp ola bilir. Stress, həyəcan, təşviş öd kisəsinin tonusunu artırır, öd yollarına və mədəyə normadan çox öd sıçramasına səbəb olur.
- Əgər qısamüddətli, qəfil acılıq müşahidə olundusa, son qəbul etdiyiniz preparatlara da diqqət yetirin.
- Öd kisəsi daşları, xolesistit, diskineziya, öd yolları iltihabı ağızda metal dad verir. Bu problemlərdə həzm pozğunluğu, sağ tərəfdə ağrı da qoşulur.
- Qastroezofagel reflüks - geniş yayılmış sindromdur. Öddə və mədədə spazm nəticəsində öd şirəsi, mədə turşuluğu qida borusuna sıçrayır.
- Bağırsaqlarda, orqanizmdə qurd, parazit invaziyaları olduqda ağızda acılıq hissi verir. Bu zaman xəstədə köp, qarında ağrı, qaşınma, ağızdan pis qoxu əlamətləri də ola bilər.
- Endokrin səbəblər-qalxanvari vəzinin hormonal disfunksiyası öd yollarının spazmına səbəb olub, qida borusuna öd düşməsinə gətirib çıxarır. Həmçinin şəkərli diabetdə ağızda quruluq, acı tam müşahidə olunur.
Qida borusu ilə mədənin arasında xüsusi qapaq var. Bu qapaq qidanı mədədən geriyə qida borusuna düşməyə mane olur. Lakin bəzi xəstəliklər zamanı bu qapaq zəifləyir və mədədə olan qidanın və mədə şirəsinin bir hissəsi qida borusuna düşür. Buna reflyüks deyilir. Bu isə qıcqırmaya, ağızda acı dada səbəb olur. Bu kifayət qədər təhlükəli haldır. Mədədən qida borusuna düşən kütlə onun divarlarını yandırır və burada eroziyaların və yaraların əmələ gəlməsinə səbəb olur.